2025-ci ilin iyun ayında təsdiq edilmiş 200 milyon ABŞ dolları dəyərində olan Şəfəq (Cəbrayıl) günəş layihəsi Cəbrayıl rayonunda 240 MVt AC gücündə yeni günəş elektrik stansiyasının tikintisini nəzərdə tutur.
Şəfəq günəş enerjisi layihəsi Səngəçal terminalının elektrikləşdirilməsi (STEL) layihəsi ilə “virtual enerji ötürmə mexanizmi” adlanan yeni kommersiya modeli vasitəsilə sıx əlaqəlidir. Bu mexanizmə əsasən, Səngəçal terminalı AzərEnerji ASC-nin idarə etdiyi dövlət elektrik şəbəkəsinə qoşulacaq. Bunun üçün terminal ərazisinin həm daxilində, həm də ondan kənarda yeni obyektlər, o cümlədən yeni 220/110 kV-luq elektrik yarımstansiyası inşa ediləcək.
Mövcud planlara əsasən, Şəfəq və STEL layihələri birlikdə terminalın gələcək istismar dövründə əməliyyat emissiyalarının təxminən 50% azaldılmasına imkan yaradacaq.
Hazırda terminal enerji tələbatını qarşılamaq üçün yeddi qaz turbinindən istifadə edir. Elektrikləşdirmədən sonra bu turbinlər mərhələli şəkildə demontaj ediləcək və istifadə olunmayan qazın ixrac üçün yönləndirilməsi mümkün olacaq.
Şəfəq günəş enerjisi layihəsi 2025-ci ildə yekun investisiya qərarının qəbul edildiyi vaxtdan əhəmiyyətli dərəcədə irəliləyib - layihə üzrə əsas müqavilələr imzalanıb, tikinti işləri artıq başlayıb və panellərin ölkəyə gətirilməsi qrafikə uyğun davam edir. Layihə üzrə aparılan tikinti işlərində yerli resurslardan maksimum istifadə etmək əsas öhdəliklərdən biridir - işlərin pik dövründə layihədə 400-ə yaxın iş yerinin yaradılacağı gözlənilir.
Tikinti işlərinin 2027-ci ildə başa çatması planlaşdırılır. Cəbrayılda inşa olunan bu 240 MVt gücündə stansiyanın ildə təxminən 500 QVt/saat bərpa olunan enerji istehsal edəcəyi gözlənilir.
SJSL şirkətində pay bölgüsü aşağıdakı kimidir: bp – 40,01%, SOCAR Green (tam şəkildə SOCAR-a məxsus törəmə şirkət) – 39,99%, ABİF – 10% və MVM – 10%.
Şəfəq layihəsinin icrası bp şirkətinə məxsus Lightsource bp tərəfindən həyata keçirilir.