Bakıdan 55 km cənubda yerləşən Səngəçal terminalı Azərbaycanın neft və qaz sənayesində həyati əhəmiyyətə malik obyektlərdən biridir.
Terminal Xəzər hövzəsində bp tərəfindən işlədilən bütün mövcud dəniz yataqlarından hasil edilən xam nefti və qazı qəbul etmək, texnoloji emaldan keçirmək, saxlamaq, ixrac etmək üçün nəzərdə tutulub və genişləndirilmək imkanı var. Terminala neft və qazı texnoloji emal edən qurğular, Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəmərinin birinci nasos stansiyası, Cənubi Qafqaz boru kəmərinin (CQBK) kompressor stansiyası və digər qurğular daxildir.
Dənizdəki qurğulardan terminala səkkiz müxtəlif boru kəməri daxil olur və terminaldan da səkkiz boru kəməri çıxır. Onlar müxtəlif marşrutlara istiqamətlənməklə yüksək keyfiyyətli Azərbaycan xam neftini və qazını dünya bazarlarına nəql edir. Bundan əlavə, terminal Qazaxıstan və Türkmənistandan daxil olan üçüncü tərəfə aid nefti də qəbul edir.
Səngəçal terminalı 688 hektardan çox bir ərazini əhatə edir və bu onu dünyanın ən böyük neft və qaz terminallarından biri edir. Terminal iki əsas hissədən ibarətdir: İlkin Neft Layihəsi (İNL) və Səngəçal Terminalının Genişləndirilməsi Proqramı (STGP).
Terminalın İNL hissəsi Xəzərdəki Çıraq dəniz yatağından hasil edilən nefti texnoloji emaldan keçirmək, anbarlarda toplamaq və ixrac etmək üçün inşa edilmişdir. İNL terminalında hər birinin tutumu 25 500 barel olan 4 ədəd xam neft saxlama çəni var və terminal ildə 6 milyon tondan artıq xam nefti texnoloji emaldan keçirə, anbarlarda saxlaya və ixrac edə bilir.
Səngəçal Terminalının Genişləndirilməsi Proqramı (STGP) terminalın bir hissəsidir və o, Azəri-Çıraq-Günəşli yatağının Azəri və Dərinsulu Günəşli hissələrindən hasil olunan nefti və Şahdəniz yatağından hasil edilən qazı qəbul etmək, anbarlarda saxlamaq və texnoloji emaldan keçirmək üçün genişləndirilmişdir. Terminalda hər birinin tutumu 880 000 barel olan 3 xam neft çəni də daxil olmaqla bir sıra qurğular vardır.
Səngəçal terminalında eləcə də BTC boru kəməri üçün çox mühüm iki qurğu vardır: əsas nasos stansiyası və dipetçer otağı. Dispetçer otağı bütün boru kəmərinə nəzarət edir, problemləri aşkara çıxara bilir və hər üç ölkədə boru kəmərinin lazımi hissələrini təcrid edə bilir və ya fövqəladə halda qurğunun işini dayandırır.
Terminalın operatoru bp şirkətidir.
2025-ci ildə AÇG və Şahdəniz yataqlarından neft və qazın sualtı boru kəmərləri vasitəsilə Səngəçal terminalına göndərilməsi davam etmişdir.
Terminalın texniki emal sistemlərinin gündəlik gücü hazırda 1,2 milyon barel neft və kondensat, Şahdəniz qazı üçün təqribən 81 milyon standart kubmetrdir. Ümumi qaz emalı və ixracı gücü isə (AÇG səmt qazı da daxil olmaqla) gündəlik təqribən 100 milyon standart kubmetrdir.
İl ərzində terminal təxminən 209 milyon barel neft və kondensat ixrac etmişdir ki, bu həcmlərin hamısı Bakı-Tbilisi-Ceyhan vasitəsilə nəql edilmişdir.
Qaz terminaldan, Cənubi Qafqaz Boru Kəmərinin genişləndirilməsi (CQBKG) sistemi də daxil olmaqla, əsasən Cənubi Qafqaz Boru Kəməri (CQBK) və terminalın qaz emalı obyektlərini Azəriqazın qazpaylama sistemi ilə birləşdirən Azərbaycana məxsus qaz kəməri ilə ixrac olunur.
İl ərzində terminaldan həmçinin gündəlik orta hesabla təxminən 74,4 milyon standart kubmetr (təxminən 2 milyard 628 milyon standart kubfut) Şahdəniz qazı göndərilmişdir.
Səngəçal terminalının elektrikləşdirilməsi (STEL) layihəsi
İyunun 2-də Səngəçal terminalının investorları Səngəçal terminalının elektrikləşdirilməsi (STEL) layihəsini təsdiqlədilər. 230 milyon dollar dəyərində olan bu layihə terminalın AzərEnerji ASC-nin idarə etdiyi dövlət elektrik şəbəkəsinə qoşulmasını təmin edəcək. Bunun üçün terminal ərazisinin həm daxilində, həm də ondan kənarda yeni obyektlər, o cümlədən yeni 220/110 kV-luq elektrik yarımstansiyası inşa ediləcək.
STEL layihəsi Cəbrayıl rayonunda 240 MVt AC gücündə günəş elektrik stansiyasının tikintisini nəzərdə tutan Şəfəq günəş layihəsi ilə “virtual enerji ötürmə mexanizmi” adlanan yeni kommersiya modeli vasitəsilə sıx əlaqəlidir. Bu mexanizmə əsasən, Şəfəq stansiyası elektrik enerjisi istehsal edərək onu Cəbrayıl rayonunda AzərEnerjiyə verəcək, AzərEnerji isə sonra eyni həcmdə elektrik enerjisini Səngəçal terminalına ötürəcək. Hazırkı proqnozlara və planlara əsasən, Şəfəq və STEL layihələri birlikdə Səngəçal terminalının gələcək istismar dövründə terminal əməliyyatlarından yaranan emissiyaların təxminən 50% azaldılmasına imkan yaradacaq.
Hazırda terminal öz enerji ehtiyacını qarşılamaq üçün yeddi qaz turbinindən istifadə edir. Elektrikləşdirilmədən sonra turbinlər mərhələli şəkildə demontaj olunacaq və bu da istifadə olunmayan yanacaq qaz həcmlərinin ixraca yönəldilməsinə imkan verəcək.
2025-ci ildə STEL layihəsi üzrə üç əsas müqavilə imzalanmışdır və hazırda bu müqavilələr üzrə iş həcminə daxil olan fəaliyyətlər – o cümlədən mühəndis-layihələndirmə, təchizat, quraşdırma və tikinti işləri, təhlükəsiz şəkildə və qrafikə uyğun olaraq davam edir.
Layihə üzrə tikinti işlərinin iki mərhələdə - 1-ci mərhələ 2027-ci ilin ortalarında, 2-ci mərhələ isə 2028-ci ilin sonunadək, başa çatacağı nəzərdə tutulur.