Skip to main content
  1. Əsas səhifə
  2. Xəbərlər
  3. Press relizlər
  4. Azərbaycanda hüquq mədəniyyətinin və təhsilinin inkişafına töhfə

Azərbaycanda hüquq mədəniyyətinin və təhsilinin inkişafına töhfə

Tarix:
20 fevral 2026-cı il

bp öz Azəri-Çıraq-Günəşli, Bakı-Tbilisi-Ceyhan, Şahdəniz və Cənubi Qafqaz Boru Kəməri layihələrindəki tərəfdaşları - “SOCAR”, “TPAO”, “LUKOİL”, “SGC”, “NİCO”, “MOL”, “İNPEX”, “ExxonMobil”, “İTOCHU”, “ONGC Videsh”, “Eni”, “MVM” və “TotalEnergies” adından bu gün yeni, geniş əhatəli hüquq kitabını ictimaiyyətə təqdim edib. Bu nəşrdə məqsəd ictimai-hüquqi maarifləndirməni gücləndirmək və hüquq tələbələri, fəaliyyətdə olan hüquqşünaslar və bu sahənin müəllimləri üçün yüksək keyfiyyətli akademik resursları daha da genişləndirməkdir. 

 

“Vəkillik fəaliyyəti” adlı kitabın əsas məqsədi vəkilliyin mahiyyəti və funksiyaları barədə aydın, strukturlu və əlçatan bilgilər təqdim etməklə cəmiyyətin hüquq mədəniyyətini gücləndirməkdir. Nəzəri, tarixi və praktiki yanaşmaları bir araya gətirən bu kitab daha məlumatlı hüquq icmasının formalaşmasına dəstək olmağı və gələcək hüquqşünasların və hüquq mütəxəssislərinin hazırlanmasına töhfə verməyi hədəfləyir.

 

Bu məqsədə uyğun olaraq gözlənilir ki, kitab hüquq tələbələri, hüquq işçiləri, hüquq-mühafizə orqanları və ali təhsil müəssisələrinin professor-müəllim heyəti, eləcə də etibarlı hüquqi mənbəyə müraciət etmək istəyən hər kəs üçün dəyərli bir dərslik və istinad mənbəyi olacaq.

 

Cəmiyyətin hüquq mədəniyyətinin möhkəmləndirilməsinə və gələcək nəsil hüquqşünasların yetişdirilməsinə töhfə verəcək bir nəşrə dəstək göstərməkdən məmnunuq. Bu elə bir nəşrdir ki, bütün hüquq icmasına dəstək ola biləcək bilik və təcrübəni özündə birləşdirir - ondan həm tələbələr, həm də bu sahədə çalışan mütəxəssislər və müəllimlər öz gündəlik fəaliyyətlərində faydalanacaq. İnanırıq ki, bu kitabı universitetlərə və hüquq institutlarına təqdim etməklə, çox əhəmiyyətli bir bilik bazasını bütün müvafiq auditoriyalar üçün əlçatan etmiş oluruq. Ümidvarıq ki, bu nəşr hüquq sahəsində çalışan hər bir kəs üçün dəyərli istinad mənbəyi olacaq.bp-nin Xəzər regionu üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli


528 səhifəlik kitabda vəkillik həm peşəkar fəaliyyət sahəsi, həm də vətəndaş cəmiyyətinin əsas institutlarından biri kimi təhlil edilir. Nəşrdə vəkilliyin əsasları, məqsədləri və prinsipləri ətraflı əhatə olunur, peşənin tarixi inkişaf mərhələləri izlənilir və nəzəri əsasları ayrıca bir tədqiqat sahəsi kimi müzakirə olunur. Müqayisəli bölmələrdə xarici ölkələrdə vəkilliyin təşkili təhlil olunur, digər fəsillərdə isə müdafiə hüququnun əsasını təşkil edən beynəlxalq hüquq prinsipləri və vəkillərin qlobal miqyasda fəaliyyətini istiqamətləndirən normalar izah edilir.

 

Kitabın əsas bölmələrindən biri Azərbaycanda vəkillik peşəsinin strukturu və hüquqi tənzimlənməsinə həsr olunub. Bu bölmədə hüquq məsləhətinin bir ictimai xidmət sahəsi kimi rolu, pulsuz hüquqi dəstəyin normativləri və çətinlikləri, vəkillərin hüquq və vəzifələri, peşə etikası və məxfilik prinsipləri, habelə vəkillərin hüquqi statusu ətraflı şəkildə təqdim olunur. 

 

Bu layihə bp və tərəfdaşlarının ölkədə təhsilin və bacarıqların gücləndirilməsinə yönəlmiş səylərə dəstək öhdəliyinin bir hissəsidir.

 

Layihənin ümumi dəyəri 80 200 AZN (47 176 ABŞ dolları) təşkil edib – bura kitabın hazırlanması və nəşri xərcləri daxildir. 

Layihə “İnsan Hüquqlarının Təşviqi Mərkəzi” İctimai Birliyi tərəfindən icra olunub.
 

Redaktorlar üçün qeydlər

 

bp şirkəti Azərbaycanda 33 ildir ki, neft və qazın kəşfiyyatı, işlənməsi və nəqli üzrə iri layihələrin əməliyyatçısıdır və bu layihələrin icrasını təhlükəsiz, səmərəli və etibarlı şəkildə həyata keçirir. Bu vaxtadək bp öz tərəfdaşları ilə birlikdə ölkədə icraçısı olduğu layihələrə 89 milyard dollardan çox sərmayə qoyub. Azərbaycanda biz ən çox töhfə verə biləcəyimizə inandığımız sahələrə yönəlməklə dayanıqlı inkişaf təşəbbüslərinə dəstək vermək öhdəliyi götürmüşük.

 

bp-nin ölkədə həyata keçirdiyi geniş sosial sərmayə fəaliyyətləri və bacarıqların inkişaf etdirilməsi istiqamətindəki səyləri insanlara əhəmiyyətli faydalar gətirməklə, onların həyatını yaxşılaşdırıb və dəyişdirib.

 

Şirkətin sosial sərmayələri yerli potensialın yaradılması, təhsil, icmaların inkişafı, yerli sahibkarlıq, ətraf mühit, idman potensialının artırılması, habelə ölkənin zəngin mədəni irsinin tədqiqi və təbliği kimi sahələrə yönəlib. Fəaliyyətə başladığı vaxtdan indiyədək bp özü və onun əməliyyatçısı olduğu birgə layihələrdəki tərəfdaşları adından ölkədəki sosial sərmayə layihələrinə ümumilikdə 115 milyon ABŞ dollarından çox vəsait xərcləmişdir.

 

Azərbaycanda bp şirkətində təxminən 2344 Azərbaycan vətəndaşı çalışır və bu da, şirkətin ixtisaslı işçi heyətinin 90 faizindən çoxunu təşkil edir.

bp və tərəfdaşlarının sosial sərmayə layihələri barədə ətraflı məlumat əldə etmək üçün www.bp.com/azerbaijan vebsaytına daxil olun.

 

Əlavə məlumat üçün:

 

bp-nin Bakı ofisindəki mətbuat xidmətində Tamam Bayatlıya müraciət edə bilərsiniz.Telefon: (+994 12) 525 58 95