Skip to main content
  1. Əsas səhifə
  2. Xəbərlər
  3. Press relizlər
  4. Azərbaycan universitetləri üçün beynəlxalq akademik resurslara davamlı çıxış

Azərbaycan universitetləri üçün beynəlxalq akademik resurslara davamlı çıxış

Tarix:
21 oktyabr 2025-ci il

 

Bu gün bp daha beş beynəlxalq dərsliyin Azərbaycan dilinə tərcüməsini təqdim edib. Bununla da bp-nin dünyanın ən qabaqcıl akademik resurslarının Azərbaycana gətirilməsi məqsədi ilə nəşr etdiyi kitabların ümumi sayı 29-a çatıb.

 

Bu layihə bp-nin yerli universitetlərə dünyada tanınmış qabaqcıl akademik materiallara, bilik və təcrübələrə çıxış imkanı təmin etməklə tədris və təlim prosesinin gücləndirilməsinə dəstək olmaq üçün həyata keçirdiyi geniş təhsil proqramının bir hissəsidir və bp-nin ölkədə ümumilikdə təhsilin inkişafına dəstək olmaq yönümündə uzunmüddətli öhdəliyi çərçivəsində növbəti əhəmiyyətli addımdır.

 

bp-nin Xəzər regionu üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli, dedi:

 

“Bu beş yeni kitabın təqdimatı ilə bp-nin Azərbaycandakı ən əhəmiyyətli təhsil təşəbbüslərindən birinə yekun vururuq. İllər ərzində bu layihə elm və təhsil ictimaiyyətinə beynəlxalq aləmdə ən çox istifadə olunan 29 dərslik bəxş edib. Bu dərsliklərin hər biri bizim yerli universitetlərin mütəxəssis heyətləri  ilə sıx əməkdaşlıqda, tədris müəssisələrimizin real akademik ehtiyaclarını qarşılayacaq şəkildə seçilib. Bu kitablar tərcümədən daha artıq məna kəsb edir – onlar qlobal biliklərə körpüdür. Bu yüksək keyfiyyətli resursları Azərbaycan dilində əlçatan etməklə ölkə universitetlərinin öz tədris və təlim proseslərini beynəlxalq standartlara uyğunlaşdırmasını dəstəkləmək iştəmişik. Ümid edirik ki, bp-nin hədiyyəsi olan bu kitablar nəsillər boyu tələbələrə və müəllimlərə davamlı və əhəmiyyətli təsiri ilə real dəyər yaradacaq.

 

Təqdim edilən yeni kitabların siyahısına aşağıdakılar daxildir:

  1. Ekonometrikaya giriş. Müasir yanaşma. Müəllif: Cefri M. Vuldric. Nəşriyyat: Cengage Learning, 2020, 7-ci nəşr
  2. Biznes və iqtisadiyyat üçün statistika. Müəlliflər: Anderson, Svini, Vilyams, Kem, Kokran, Frey, Olmann. Nəşriyyat: Cengage Learning, 2017, 14-cü nəşr
  3. Statistik nəticəçıxarma. Müəlliflər: Corc Kasella, Rocer L. Berger. Nəşriyyat: Brooks/cole, Cengage Learning, 2002, 2-ci nəşr
  4. Korporativ maliyyə. Əsas prinsiplər. Müəlliflər: Riçard A. Bril, Stüart K. Mayers,  Franklin Allen. Nəşriyyat: McGraw-Hill/Irwin, 2014, 12-ci nəşr
  5. İqtisadi idarəetmə və strategiya. Müəlliflər: Cefri Perlof, Ceyms A. Brander Nəşriyyat: Pearson, 2014, 3-cü nəşr

Bu nəşrlər yerli universitetlər, kitabxanalar və müvafiq elm və təhsil müəssisələri üçün nəzərdə tutulub. Hər bir dərsliyin çap edilmiş 2000 nüsxəsi ilə yanaşı, rəqəmsal versiyaları da yerli nəşriyyat olan - TEAS PRESS NƏŞRİYYAT EVİ-nin onlayn platformalarında yerləşdirilib.

 

Bütövlükdə dərsliklərin nəşri layihəsinin ümumi dəyəri 2,14 milyon AZN-dən (təxminən 1,26 milyon ABŞ dollarından) çoxdur. Bu məbləğ son doqquz il ərzində nəşr edilmiş 29 dərsliyin hamısına aid olan xərcləri, o cümlədən müəlliflik hüquqlarının alınması, qonorar ödənişləri, tərcümə, ekspert redaktəsi, korrektə, dizayn və çap, rəqəmsal versiyanın hazırlanması və layihənin idarə olunmasını əhatə edir.

 

bp-nin maliyyə dəstəyi ilə nəşr olunmuş 29 dərsliyin tam siyahısı və onların hər biri haqqında daha ətraflı məlumatla bu press-relizə edilən əlavədə tanış ola bilərsiniz.

 

Redaktorlar üçün qeydlər

 

bp şirkəti Azərbaycanda 33 ildir ki, neft və qazın kəşfiyyatı, işlənməsi və nəqli üzrə iri layihələrin əməliyyatçısıdır və bu layihələrin icrasını təhlükəsiz, səmərəli və etibarlı şəkildə həyata keçirir. Bu vaxtadək bp öz tərəfdaşları ilə birlikdə ölkədə icraçısı olduğu layihələrə 87 milyard dollardan çox sərmayə qoyub. Azərbaycanda biz ən çox töhfə verə biləcəyimizə inandığımız sahələrə yönəlməklə dayanıqlı inkişaf təşəbbüslərinə dəstək vermək öhdəliyi götürmüşük.

 

bp-nin ölkədə həyata keçirdiyi geniş sosial sərmayə fəaliyyətləri və bacarıqların inkişaf etdirilməsi istiqamətindəki səyləri insanlara əhəmiyyətli faydalar gətirməklə, onların həyatını yaxşılaşdırıb və dəyişdirib.

 

Şirkətin sosial sərmayələri yerli potensialın yaradılması, təhsil, icmaların inkişafı, yerli sahibkarlıq, ətraf mühit, idman potensialının artırılması, habelə ölkənin zəngin mədəni irsinin tədqiqi və təbliği kimi sahələrə yönəlib. Fəaliyyətə başladığı vaxtdan indiyədək bp özü və onun əməliyyatçısı olduğu birgə layihələrdəki tərəfdaşları adından ölkədəki sosial sərmayə layihələrinə ümumilikdə 111 milyon ABŞ dollarından çox vəsait xərcləmişdir.

 

Azərbaycanda bp şirkətində təxminən 2395 Azərbaycan vətəndaşı çalışır və bu da, şirkətin ixtisaslı işçi heyətinin 90 faizindən çoxunu təşkil edir.

 

bp və tərəfdaşlarının sosial sərmayə layihələri barədə ətraflı məlumat əldə etmək üçün www.bp.com/azerbaijan vebsaytına daxil olun.

 

Əlavə məlumat üçün: 

 

bp-nin Bakı ofisindəki mətbuat xidmətində Tamam Bayatlıya müraciət edə bilərsiniz.

Telefon: (+994 12) 525 58 95