Skip to main content
  1. Əsas səhifə
  2. Xəbərlər
  3. Müsahibələr və çıxışlar
  4. Cənub Qaz Dəhlizi Məşvərət Şurasının 12-ci iclası: bp-nin Azərbaycan, Gürcüstan, Türkiyə regionunda hasilat üzrə vitse-prezidenti Stüart Şounun çıxışı

Cənub Qaz Dəhlizi Məşvərət Şurasının 12-ci iclasında bp-nin hasilat üzrə vitse-prezidentinin çıxışı

Tarix:
3 mart 2026-cı il

Stüart Şou , bp-nin Azərbaycan, Gürcüstan, Türkiyə regionunda hasilat üzrə vitse-prezidenti

‘Şahdəniz: 30 illik uğur yolu’ 

Giriş 

 

Hörmətli həmsədrlər, xanımlar və cənablar, hər vaxtınız xeyir!

Bu gün sizinlə birlikdə bu tədbirdə iştirak etməkdən çox məmnunam.

Bu forum regionda enerjinin gələcəyini müzakirə etmək üçün əsas platformalardan birinə çevrilib.

Və onun əhəmiyyəti getdikcə artır.

Elə hazırda sürətlə dəyişən müasir enerji mühitində Cənub Qaz Dəhlizi və Şahdəniz layihələrinin artan rolu kimi.

İcazənizlə bunun səbəblərini izah etmək istərdim.

 

Enerji tələbatının qarşılanmasına dəstək     

 

Qlobal miqyasda enerjiyə olan tələbat artmaqda davam edir.

Biz “enerjiyə əlavə” mərhələsindəyik.

Artan tələbatı qarşılamaq üçün dünyanın həm ənənəvi, həm də aşağı karbonlu enerji mənbələrinə ehtiyacı var.

Neft və qaza qarşıdakı onilliklər ərzində də ehtiyac olacaq.

Yaxın illərdə, xüsusilə inkişaf etməkdə olan iqtisadiyyatlarda təbii qaza yüksək tələbat olacağını düşünürük.

bp-nin strategiyası bu reallığı özündə əks etdirir.

Məqsədimiz aydındır: bu gün üçün enerji təmin etmək və sabahın enerji sistemini qurmağa kömək etmək.

Biz apstrim sahəsində fəaliyyətlərimizi genişləndiririk.

Hazırda dəyər yaradan və gələcək artımı dəstəkləyən layihələr işə salırıq.

Və 2027-ci ilə qədər apstrim sahəsinə qoyulan investisiyaları təxminən 20% artıraraq ildə təxminən 10 milyard ABŞ dollarına qədər artırmağı nəzərdə tuturuq.

Biz öz planlarımızdan əminik.

Çünki iri və mürəkkəb yataqların işlənməsi və inteqrasiya olunmuş neft-qaz dəyər zəncirlərinin idarə olunması sahəsində təcrübəmiz var.

Azərbaycandan Avropaya və CQD boyunca yerləşən ölkələrə qaz təchizatının əsas dayağı olan Şahdəniz layihəsi bunun gözəl nümunəsidir.

 

Şahdəniz: təhlükəsiz və səmərəli icra 

 

Şahdəniz yatağı təhlükəsiz və səmərəli şəkildə qaz hasilatını davam etdirir.

O, Azərbaycanın Avropa və regional enerji bazarları qarşısındakı öhdəliklərinin əsas sütunlarından biri olaraq qalır.

Bu il Şahdəniz üzrə Hasilatın Pay Bölgüsü Sazişinin imzalanmasının 30 ili tamam olur.

Otuz ildən sonra hamımız bu nəhəng yatağın uğuru ilə qürur duya bilərik.

Ötən il Şahdəniz yatağı təxminən 27 milyard kubmetr qaz hasil edib və demək olar ki, 100% etibarlılıq səviyyəsi nümayiş etdirib.

Şahdəniz həmçinin bp-nin portfelində ən böyük qaz yatağı olaraq qalır.

Hazırda Şahdəniz qurğuları gündə təxminən 77 milyon standart kubmetr qaz hasilatı və emalı gücünə malikdir.

TAP boru kəmərinin genişləndirilməsindən sonra CQD operatorları 1 yanvar 2026-cı il tarixindən etibarən Avropaya gündəlik ixrac həcmlərini artıraraq ildə təxminən 12 milyard kubmetrə çatdırıb.

Bu ötürücülük gücü hazırda qüvvədədir və istifadə edilir.

Biz həmçinin Şahdəniz sualtı hasilat sisteminin genişləndirilməsini də davam etdiririk.

Beş sualtı cinahın hamısı artıq istirmardadır.

Və biz növbəti illərdə əlavə altı quyunun istismara verilməsini planlaşdırırıq.

Bütün bunlar Azərbaycanın qaz təchizatı imkanlarını gücləndirir və region və Avropa bazarları üzrə götürülmüş öhdəliklərin yerinə yetirilməsinə dəstək verir.

 

Qazvermə əmsalının maksimuma çatdırılması 

 

Gələcək perspektivdə, əsas diqqətimizi Şahdəniz yatağındakı laylardan maksimum qazvermə əmsalına nail olmağa yönəltmişik.

Bu istiqamətdə növbəti əsas addım Şahdəniz Kompressiya (ŞDK) layihəsidir.

Layihə üzrə yekun investisiya qərarını ötən ilin iyun ayında qəbul etdik və layihəni irəli aparmaq üçün operativ şəkildə işə başladıq.

Məqsədimiz aşağı təzyiqli qaz ehtiyatlarına çıxış əldə etmək və yatağın məhsuldar istismar müddətini uzatmaqdır.

ŞDK layihəsi 2,9 milyard ABŞ dollarında investisiyanı əhatə edir.

Bu layihə təxminən 50 milyard kubmetr əlavə qazın və təxminən 25 milyon barel əlavə kondensatın hasil edilməsinə imkan verəcək.

Əks halda, bu həcmlər əlçatmaz olaraq qalardı.

Bu layihə regionun və Avropanın enerji təhlükəsizliyini daha da gücləndirməyə imkan verəcək.

Layihə elektrik enerjisi ilə işləyən kompressiya qurğularından ibarət dəniz platformasının tikintisini və istismarını nəzərdə tutur - hazırda ekranda bu platformanın 3D modelini görürsünüz.

Layihə həmçinin Şahdəniz Alfa və Bravo platformalarında, eləcə də Səngəçal terminalında mövcud infrastruktur üzərində aparılacaq bir sıra işləri də əhatə edir.

Biz ŞDK platformasını gələcəyi nəzərə alaraq layihələndirmişik.

O, bütövlüklə elektrik enerjisi ilə işləyəcək və daimi heyət olmadan, məsafədən idarə olunacaq.

ŞDK layihəsi həmçinin Şahdəniz Bravo platformasının və nəticə etibarilə yataqdakı əməliyyatların bütövlükdə elektrik enerjisinə keçidinə imkan yaradacaq.

Yekun investisiya qərarından bəri biz bir sıra iri müqavilələr imzalamışıq.

Və hazırda həm üst modulların, həm də dayaq blokunun tikintisi işlərini davam etdiririk.

Bu işlər yerli istehsalat sahələrində yerli resurslardan geniş istifadə etməklə həyata keçirilir.

Platformanın tikintisini 2029-cu ildə tamamlamağı planlaşdırırıq.

O, həmin il Şahdəniz Alfa platformasından, 2030-cu ildə isə Şahdəniz Bravo platformasından aşağı təzyiqli qaz qəbul edəcək.

Bu layihə Şahdəniz yatağının gələcəyinə yönəlmiş iri investisiyadır.

Bu, yatağın əsas enerji təchizatçısı kimi mövqeyini qoruyub saxlamasına və qarşıdakı illərdə Şahdənizdə maksimum qazvermə əmsalına nail olunmasına kömək edəcək.

Biz həmçinin bu ilin sonu və ya gələn ilin əvvəlində Şahdəniz yatağında seysmik tədqiqatlara başlamağı planlaşdırırıq.

Bu tədqiqatlar laylar haqqında daha ətraflı məlumatın əldə edilməsində və gələcək fəaliyyətlərin planlaşdırılmasında bizə kömək edəcək.

 

Yeni imkanların açılması

 

Eyni zamanda Şahdəniz yatağından əlavə digər yeni qaz mənbələrinin axtarışı üzrə işlər aparırıq.

Bu istiqamətdə əsas fəaliyyətlərdən biri də AÇG yatağındakı sərbəst təbii qaz ehtiyatlarının işlənməsidir.

Bu ehtiyatların xeyli iri həcmdə - 4 trilyon kubfutadək olduğu düşünülür.

Biz artıq Qərbi Çıraq platformasından ilk sərbəst təbii qaz hasilatı quyusunu qazmışıq və yaxın aylarda ilk qazın hasil olunacağını gözləyirik.

Bu quyu həmçinin AÇG yatağındakı sərbəst təbii qaz ehtiyatlarının işlənməsi üzrə növbəti addımların müəyyənləşdirilməsi üçün mühüm qiymətləndirmə məlumatları təqdim edəcək.

Ötən il biz həmçinin Qarabağ və Əşrəfi- Dan Ulduzu-Aypara layihələrinə də qoşulduq.

Məqsəd Xəzərdə yeni neft və qaz yataqlarının və perspektiv strukturların kəşfiyyatı və işlənməsidir.

SOCAR ilə birlikdə mövcud infrastrukturdan ən səmərəli şəkildə istifadə etməyə imkan verəcək işlənmə variantlarını qiymətləndiririk.

Operator olaraq, bu layihələrin təhlükəsiz və səmərəli şəkildə irəli aparılması üçün qlobal təcrübəmizi və texnologiyalarımızı tətbiq edirik.

İlk addım olaraq, hər iki layihə üzrə laylar haqqında daha ətraflı məlumat əldə etmək məqsədilə seysmik tədqiqat proqramları həyata keçiririk.

Bu məlumatlar gələcək işlənmə konsepsiyalarının hazırlanması üçün çox əhəmiyyətli olacaq.

Biz həmçinin Şəfəq-Asiman bloku üzrə qiymətləndirmə işlərini davam etdiririk və bunu artıq yeni tərəfdaşımız TPAO ilə birlikdə həyata keçiririk.

Bu əməkdaşlıq layihəyə əlavə texniki və maliyyə imkanları gətirir.

Bu isə perspektivli struktur üzrə işlərin sürətləndirilməsinə kömək edəcək.

 

Yekun

 

Hörmətli xanımlar və cənablar, icazənizlə çıxışımın sonunda fikirlərimi ümumiləşdirmək istərdim.

Qlobal enerji tələbatı artmaqda davam edir.

Və bu tələbatın qarşılanmasında qaz çox mühüm rol oynayacaq.

Həm regionda, həm də Avropada.

Şahdəniz və Cənub Qaz Dəhlizi layihələri bu səylərin mərkəzində dayanır.

Bu layihələr ölkələrin ehtiyac duyduğu etibarlı və uzunmüddətli enerji təchizatını təmin edir.

Şirkət olaraq öhdəliyimiz aydındır.

Əməliyyatlarımızı təhlükəsiz şəkildə davam etdirəcəyik.

Xəzərdən qazı etibarlı şəkildə hasil edəcəyik.

Və Azərbaycanın Cənub Qaz Dəhlizi vasitəsilə qaz ixracının artırılması planlarını dəstəkləməyə davam edəcəyik.

Diqqətinizə görə təşəkkür edirəm.